Çində oxuyan tələbələrdən yalnız biri Azərbaycana transferini istəyib - TƏHSİL NAZİRLİYİ 

16:31 20.02.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Çində yayılmış koronovirus təhlükəsi ilə əlaqədar burada təhsil alan tələbələr ölkəyə qayıdır. Maraqlıdır ki, Çində nə qədər azərbaycanlı tələbə təhsil alır və onlar ölkə universitetlərinə transfer olacaqlarmı? Təhsilləri yarımçıq qalan tələbələrin aqibəti necə olacaq?

Hafta.az-ın sorğusuna Təhsil nazirliyinin mətbuat xidmətindən bildirdilər ki, 2019/20-ci il tədris ilində “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən Çin Xalq Respublikasında 62 nəfər Azərbaycan Respublikası vətəndaşı Hökumətlərarası Təqaüd Proqramları (HTP) ilə təhsil alır:

Təhsil Nazirliyində olan məlumata əsasən Çində 500-ə yaxın Azərbaycan Respublikası vətəndaşı təhsilini davam etdirir. Hazırda Çin Xalq Respublikasında yayılan 2019-nCoV koronovirus orada təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının ciddi narahatlığına səbəb olduğundan, tələbələrin əksəriyyəti ölkəmizə geri qayıdıb. Diplomatik kanallar vasitəsi ilə Təhsil Nazirliyinə daxil olan məlumata əsasən bildiririk ki, Çin Xalq Respublikasında yayılan 2019-nCoV koronovirus ilə əlaqədar olaraq 2019/20-ci tədris ilinin II semestri üçün tədris prosesinin başlama tarixi qeyri-müəyyən müddətə təxirə salınmışdır.

Məlumat üçün bildiririk ki, Çin Xalq Respublikasında HTP çərçivəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşlarından yerli ali təhsil müəssisələrinə köçürülmək üçün yalnız 1 nəfər transfer.edu.az portalında qeydiyyatdan keçib.